Yaxın 30 İldə Texnologiya Hansı İşləri Əlimizdən Ala Bilməyəcək?
- 28 İyul 2025
- Posted by: Kurslar10
- Category: İxtisas seçimi Süni intellekt Texnologiya

Əl bacarığı və insan toxunuşu hələ də qiymətlidir
Son illərdə süni intellekt, robotlar və avtomatlaşdırma texnologiyaları bir çox sahələrdə insanların yerini almağa başlayıb. Artıq bəzi mağazalarda kassirə ehtiyac qalmayıb, bəzi şirkətlərdə isə proqramlar insanlardan daha tez işləyir. Bəs belə bir dövrdə hansı peşələr hələ də insan əllərinə, təcrübəsinə və emosiyasına ehtiyac duyacaq?
Bu məqalədə yaxın 30 ildə belə qalacaq 10 peşə haqqında danışacağıq. Bu sahələrdə texnologiya nə qədər inkişaf etsə də, insan toxunuşu, səbr, dəqiqlik və əllə işləmək bacarığı həmişə önəmli olacaq. Məqalə 10–11-ci sinif şagirdləri üçün yazılıb və sadə, başa düşülən dildə izah olunub.
Süni intellekt və Texnologiya hansı peşələri əlmizdən ala bilməyəcək?
1. Cərrah (Əməliyyat həkimi)
Robotlar cərrahlara kömək etsə də, çox incə və riskli əməliyyatları hələ də insanlar aparır. Bir orqanı kəsmək, damar tikmək və ya beyin əməliyyatı etmək üçün təcrübəli insan əlləri lazımdır. Cərrah olmaq üçün uzun təhsil tələb olunsa da, bu ixtisas gələcəkdə də ən önəmlilərdən biri olaraq qalacaq. Əksinə elm və texnologiyanın inkişafı bu gün mümkünsüz görünən bəzi cərrahi əməliyyatları asanlaşdıracaq.

2. Diş həkimi (Stomatoloq)
Ağrılı və incə işlərlə məşğul olan diş həkimləri insan ünsiyyəti, diqqət və bacarıq tələb edən peşə sahibləridir. Robotlar bu sahədə hələ çox geridədir. İnsanlar diş həkiminə etibar etmək və onunla danışmaq istəyir. Buna görə bu sahə uzun illər vacib olacaq. İnsanların ağızlarını robota etibar etmələri üçün hələ çox uzun illər lazımdır.

3. Çilingər və açar ustası
Qapıların, kilidlərin və təhlükəsizlik sistemlərinin düzəldilməsi insan əli və bacarığı tələb edir. Hər qapı və problem fərqli olduğu üçün bu işdə standart proqram işləyə bilmir. Buna görə təcrübəli ustalara gələcəkdə də ehtiyac olacaq. Texnologiya ingişaf etdikcə daha mürəkkəb kilidlər və qapı sistemləri meydana gəlir. Amma hər bir halda bunları quran da, sökən də, təmir edəndə də insandır.

4. Avtomobil ustası (avtoservislər)
Avtomobillər nə qədər “ağıllı” olsa da, mexaniki hissələri hələ də insan əlləri təmir edir. Mühərrik, əyləc, sükan sistemləri və sair – bunları düzgün təmir etmək üçün texniki bilik və bacarıqlı əllər vacibdir. Ağıllı avtomobilimiz nə qədər “ağıllı” olsada təmiri üçün insan əllərinə ehtiyacı var.

5. Bərbər və saç ustası
Robotlar saç kəsə bilsə də, insan tərzini, zövqünü və söhbətini əvəz edə bilmir. Hər bir müştərinin üzü, saç tipi və istəyi fərqlidir. Bunu başa düşmək və ona uyğun xidmət göstərmək yalnız təcrübəli bərbərin işidir. İnsanlar əlində qayçı olan bir robota başlarını etibar edə biləcəklərmi? Məncə yaxın 30 ildə bu baş verməyəcək.

6. Aşpaz
Texnologiya ilə yemək bişirən cihazlar olsa da, dad və təqdimat məsələsində insan aşpazın yeri başqadır. Xüsusilə restoranda sifarişə uyğun ləzzətli və estetik yemək hazırlamaq yalnız təcrübəli əllərlə mümkündür. Texnologiya nə qədər inkişaf edir etsin, insanlar gözəl bir yeməyin insan əlindən çıxmasını istəyəcəklər.

7. Santexnik (su və qaz ustası)
Borular, kranlar və istilik sistemləri evlərin görünməyən, amma vacib hissəsidir. Hər evin sistemi fərqlidir və qəfil nasazlıqları düzəltmək üçün bu sahədə çalışan ustaların əli yenə də vacib olacaq. Bu sistemlər nə qədər inkişaf etsə də quraşdıran və təmir edən insan olaraq uzun illər qalacaq.

8. Tikişçi və dərzi
Geyim zövqü, bədən ölçüləri və xüsusi istəklər üçün tikilən paltarları robotlar hələ də mükəmməl şəkildə hazırlaya bilmir. Dərzilər və tikişçilər xüsusi toxunuş və diqqətlə işləyirlər. Moda sahəsində də bu ixtisas həmişə qalacaq. Zövqlü bir paltar üçün dərzilərə hər zaman ehtiyacımız olacaq.

9. Usta boyaqçı və dekorator
Evləri, divarları və mebelləri boyamaq, dizayn vermək yalnız mexaniki iş deyil. Burada rəng zövqü, dəqiqlik və gözəllik anlayışı lazımdır. İnsan əli ilə çəkilmiş naxış və detallar hələ də texnologiyanın bacarmadığı sahələrdəndir.
Dizayn verməyi müsair proqramlarla həyata keçirmək mümkündür, lakin o dizaynı həyata keçirmək üçün yenə də insan əlləri lazımdır.

10. Əl işi tələb edən sənətkarlıq (taxta, metal və əl işləri ustası)
Əl işləri – məsələn, oyma, metal düzəltmə, bəzək əşyaları hazırlamaq – hələ də unikal insan bacarığı tələb edir. Robotlar kütləvi istehsal edə bilər, amma hər biri fərqli olan əl işlərini hazırlamaq hələ ki insanlara məxsusdur. Beynimiz robotların hazırladığı qüsursuz oyma və naxışları sevmir. Milyon illərdir alışdığımız qüsurlu simmetriyanı beynimiz daha gözəl və doğma qəbul edir. Beynimizə qüsursuzluğu qəbul etdirmək üçün məncə min illər lazımdır.
Əl bacarığı həmişə dəyərli olacaq
Texnologiya bir çox işi asanlaşdırsa da, bəzi sahələrdə insan toxunuşu, emosional zəka, yaradıcılıq və təcrübə hələ də əvəzolunmazdır. Robotlar proqramla işləyir, amma sənət, zövq, empatiya və yaradıcılıq kimi keyfiyyətlər yalnız insana məxsusdur. Məhz buna görə də bir çox sahədə insanlara ehtiyac hələ uzun illər davam edəcək.
Əgər sən gələcək üçün ixtisas seçmək ərəfəsindəsənsə, yalnız süni intellekt və texnologiya sahələrini deyil, praktiki bacarıq və insanla təmas tələb edən ixtisasları da nəzərdən keçirməlisən. Əl bacarığı olan bir şəxs kimi sən həm müstəqil işləyə, həm də peşəkar şəkildə öz işini qura bilərsən.
Nəticə olaraq
Əl bacarığı təkcə bir iş deyil, həm də bir sənətdir. Gələcəkdə texnologiya sürətlə inkişaf etsə də, insan toxunuşu olan sahələrdə sən parlayacaqsan. Əgər özünü bu istiqamətdə inkişaf etdirmək istəyirsənsə, peşə məktəbləri, qısa kurslar və praktik təlimlər sənin üçün əla başlanğıc ola bilər.
Unutma: Texnologiya sürətlidir, amma insan əlləri ilə görülən işin ruhu var.
Əgər sən ruhu olan bir peşə axtarırsansa, bu sahələr sənin üçündür!